Mirzoyanın bəyanatı Berlinə səfəri zamanı Almaniyanın xarici işlər naziri ilə görüşdən sonra verilib. Bu, Mirzoyanın Berlinə səfəri zamanı istənilən siqnallar və ya dəstəyi ala bilmədiyini göstərir. Hər halda, Ermənistanın xarici işlər nazirinin Berlin səfərindən sonra yeni qarşıdurma ehtimalını ifadə etməsi həqiqətən də narahatlıq doğurur. Çünki bu görüşlər və bəyanatlara qədər Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı da aparılıb. Belə anlaşılır ki, Paşinyan həyata keçiriləcək təxribatlar fonunda XİN rəhbəri üzərindən əks-təbliğat kompaniyasına start verib.
Bölgədəki vəziyyətin kövrək olması adi gözlə yaxşı görünsə də, Ermənistan XİN rəhbərinin bununla bağlı dəfələrlə vurğu etməsi fərqli hal yaradır. Təsadüfi deyil ki, Ermənistan təxribatlara qədər vaxt qazanmağa və sülh prosesinə süni maneə yaratmağa çalışır. Bu barədə rəsmi Bakı da açıq şəkildə açıqlama verib. Bundan əvvəl Mirzoyan Berlində bəyan etmişdi ki, İrəvan Bakıdan yeni təkliflər alıb və onları müzakirə edir. Lakin İrəvana qayıdan Mirzoyan növbəti bəyanatında guya Ermənistanın bir sıra mövqeləri yaxınlaşdıra bilməsindən danışır. Mirzoyanın bu açıqlaması, həm Almaniya və Xorvatiya XİN başçıları qarşısında manipulyativ çıxışları ifşa edir, həm də Türkiyədə baş verən zəlzələ fonunda təxribatlara hazırlaşdıqlarını aşkara çıxarır.
Beləliklə, Ermənistanın dekonstruksiya məsuliyyətini Azərbaycanın üzərinə qoymağa çalışmasına baxmayaraq, Bakı öz hərbi-siyasi üstünlüyündən istifadə etmir və məsələnin sülh yoluna həllini arzuladığını dəfələrlə bəyan edir. Ermənistan isə Azərbaycanın hərbi-siyasi üstünlüyü qarşısında Qərb həmkarlarının qarşısında hansı bəyanatları verməsindən asılı olmayaraq, İranla sıx əməkdaşlığa üstünlük verir, regionu geriyə dönüşü olmayan asimmetrik zərbələrə məruz qoymağa çalışır. Məhz burada beynəlxalq oyunçuların rolu son dərəcə vacibdir, çünki İrəvanın konstruktivlik meydanına gətirilməsi istiqamətində əməli addımların atılmaması Ermənistanda sözügedən təxribatçı fəaliyyətlərə həvəs yaradır.
Asif Cəfərov
Ordu.az